Böyük Britaniyanın “The Economist” jurnalı “Liverpul”un baş məşqçisi Yürgen Kloppun ruhən tükənməsi səbəbindən istefası fonunda iş dünyasında enerjililiyin önəmini bir daha gündəmə gətirərək uğurların açarının qabiliyyət və ambisiyadan ziyadə məhz enerjidə olduğunu xatırladıb.
“Report” xəbər verir ki, bu barədə məqalə dərginin biznes yazıları köşəsi olan “Bartlbi”də dərc olunub.
Yürgen Kloppu futbol meneceri olduğuna toxunan müəllif beləliklə “onun korporativ rəhbərlərə işlərini necə icra etməli olduqları barədə öyrədə biləcəklərinin bir sərhədi olduğunu” vurğulayır:
“Şirkətlərdəki menecerlər adətən tabeliyindəkilərin valideynlərini əvəzləmir, uğurlu müşavirədən sonra insanları ağuşuna almır və rəqiblərinə qarşı gegenpressinq texnikasından istifadə etmir. Lakin cənab Kloppun, demək olar, hər addımında uğurun vacib ünsürü olan enerjisi sona çatır”.
Məqalədə qeyd olunub ki, yanvarın 26-da Kloppun “Liverpul” futbol klubunun meneceri vəzifəsini bu ilin sonunda tərk edəcəyini açıqlaması hamı üçün sürpriz olub:
“Onun komandası dünyanın ən populyar idman növündə, ən çox rəğbət görən İngiltərə Premyer Liqasında zirvədədir. İşi sığortalıdır (onun müqaviləsinin müddəti 2026-cı ildə bitir) və bu işin hələ də onun xoşuna gəldiyini deyir. Lakin idarəçilik də daxil olmaqla vəzifədəki səkkiz ildən sonra onun enerjisi tükənir. O, imkanlarının məhdud olduğunu deyib: “Mən bunu üç təkərdə edə bilmərəm (işi yarım-yamalaq görmək – red.), sərnişin olmaq istəmirəm”.
Yazıda bildirilib ki, Klopp belə qərar qəbul etmiş ilk vəzifəli şəxs deyil:
“Casinda Ardern 2023-cü ilin yanvarında Yeni Zelandiyanın baş naziri vəzifəsindən istefa verib və artıq bu işi görmək üçün yetərli resursa malik olmadığını söyləyib. Ceff Kindler 2010-cu ildə dərman istehsalçısı olan “Pfizer”in rəhbəri olmaqdan imtina etdiyini, şirkətdəki rolunun daha çox məsuliyyət tələb etdiyi və bu səbəbdən enerji yığmağa ehtiyacı oldunu bildirib. Ancaq bir təşkilata rəhbərlik edən şəxsdə etirazın bu forması nadir görülən haldır. Çünki enerji rəhbəri tabeliyindəkindən fərqləndirən əsas amillərdən biridir. Bacarıq, ambisiya və uğur yağlı dirəyə dırmaşmaqda böyük rol oynayır. Enerjinin rolu isə nəhəngdir. Uğurlu insanlar e-poçta baxmağı və idman etməyi hələ gün çıxanadək çatdırır. Onlar səhər yeməyini ertələmir, çünki bir az yorğunluq hiss edə bilərlər; təbii ki, bunu etiraf etmirlər. Onların günorta yatma ehtimalı azdır. Onlar qırmızı gözdən qurtulur və adi iş günü işləyirlər”.